Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Mənsurə Hüseynova və Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva Türkiyənin Mərmərə Universitetində elmi ezamiyyətdə olublar.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki,açıqlamasında Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib.
K.Məmmədova bildirib ki, əməkdaşlar Mərmərə Universitetinin Kimya fakültəsinin dekanı professor Ali Rza Özkaya ilə görüşərək, institutun fəaliyyəti, aparılan elmi araşdırmaların əsas istiqamətləri, əldə olunan mühüm elmi nailiyyətlər və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim ediblər. Sonra isə bu elmi müəssisənin professoru Bahattin Yalçın ilə indiyə qədər aparılan birgə elmi tədqiqat işlərinin əsas nəticələrini və gələcəkdə nəzərdə tutulan perspektiv işlərin planını müzakirə ediblər.
İnstitutun əməkdaşları növbəti gün Mərmərə Universitetinin laboratoriyalarında aparılan tədqiqat işləri və yeni fiziki-kimyəvi analiz cihazları, onların iş prinsipləri, istifadə sahələri barədə məlumat əldə ediblər və praktiki nümunələrlə tanış olublar.
Daha sonra Aşqarlar Kimyası İnstitutunun əməkdaşları Gəbzə Texnik Universitetinin prorektoru professor Mahmut Durmuşun dəvəti ilə həmin universitetin elmi inkişafına dair ətraflı təqdimatları izləyiblər, həmçinin institutda aparılan qabaqcıl tədqiqatlar və innovativ yanaşmalar barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, institut ilə müştərək birgə layihələrin həyata keçirilməsi və gələcəkdə iki müəssisə arasında əməkdaşlıq barədə memorandum imzalanması barədə razılıq əldə edilib.

