Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, şöbənin aparıcı elmi işçiləri dosent Mövlud Teymurov və dosent Ziyafət Ağayevin həmmüəllif olduqları “Yeraltı axım vahid çay sisteminin tənzimləyicisi rolunda” adlı məqalə “Scopus” bazasında indeksləşən “Reliability: Theory & Applications” jurnalında çap olunub.
“Tehsil365” xəbər verir ki, məqalədə çayların yeraltı axım həcmini hesablamaq məqsədilə yeni düstur təklif edilib. Alınan nəticələr bu sahədə postsovet, Qərb və Şərq elmi istiqamətlərinin üstün cəhətlərinin sintezi, emal prosesində hava və torpaqların rütubətliyini əks etdirən onlarla parametrin təhlili əsasında əldə edilib. Kosmik informasiyalar və GİS texnologiyalar əsasında aparılan qiymətləndirmə mexanizmi hətta müşahidə məlumatları olmadan, məkan-zaman məhdudiyyətləri qoyulmadan belə istənilən təbii şəraitdə çayların yeraltı axım həcmini yüksək dəqiqliklə hesablamağa imkan verir. Yüksək innovativ xüsusiyyətlərinə görə əldə edilən nəticələr, həmçinin ABŞ Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi (US NRCS) tərəfindən mühüm elmi təkliflər blokuna daxil edilib.

