Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənovun anadan olmasının 85 illik yubileyi və elmi fəaliyyətinə həsr olunmuş “Həsən Həsənov: Bir ömrün siyasəti və hikməti” mövzusunda görüş keçirilib.
“Tehsil365” xəbər verir ki,tədbirin açılışında professor Həsən Həsənovun mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev qeyd edib ki, Həsən Həsənov uzun illər dövlət idarəçiliyində təcrübə toplayıb, müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərib. Müstəqilliyin ilk illərində mürəkkəb siyasi və iqtisadi vəziyyətdə hökumət rəhbərliyində yer alması onun karyerasının mühüm mərhələsidir. O, həmçinin diplomatik fəaliyyət göstərərək Azərbaycanın xarici siyasətinin formalaşmasında iştirak edib.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova diqqətə çatdırıb ki, Həsən Həsənov təkcə siyasətçi və diplomat deyil, həm də tarixçi-alimdir. Onun elmi-tədqiqat fəaliyyətində Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi mühüm yer tutub.
Digər çıxış edənlər vurğulayıblar ki, Həsən Həsənovun geniş ictimai-siyasi, elmi və diplomatik fəaliyyəti, dövlət-xidmət təcrübəsi, tədris və maarifçilik fəaliyyəti onu cəmiyyət və nəsillər üçün nümunəvi şəxslərdən birinə çevirib.
Professor Həsən Həsənov tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə minnətdarlığını ifadə edib. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, bu gün həmin tarix haqqında danışmaqdan qürur duyur.
Görüş müzakirələrlə davam edib.

