Qarabağ Universitetinin Mühəndislik fakültəsinin müəllimi, fizika üzrə fəlsəfə doktoru Orxan Güləhmədovun 3 elmi məqaləsi yüksək təsir əmsalına malik beynəlxalq jurnallarda dərc olunub.
“Tehsil365” xəbər verir ki,gənc alimin “Optimization of MWCNT Concentration in Polysiloxane-Based Nanocomposites for Enhanced Performance of the TENGs” adlı məqaləsi Q1 kvartallı, impakt faktoru 4.4 olan “ACS Omega” jurnalında dərc olunmuşdur. Araşdırmanın ümumi nəticəsi göstərir ki, materialın tərkibindəki komponentlərin optimal nisbətdə birləşdirilməsi enerji hasilatını əhəmiyyətli dərəcədə artırır və bərpa olunan enerji texnologiyalarında tətbiq perspektivlərini genişləndirir.
Tədqiqatçının “Controlled dispersion of MWCNTs in polysiloxane nanocomposites for performance enhancement in triboelectric nanogenerators” adlı ikinci məqaləsi isə Q2 kvartallı, impakt faktoru 2.8 olan “Journal of Polymer Research” jurnalında dərc olunmuşdur. Bu tədqiqatın əsas nəticəsi göstərir ki, materialın düzgün qarışdırılması onun enerji ötürmə qabiliyyətini yaxşılaşdırır və stabilliyini təmin edir.
Müəllifin "Porous polysiloxane MWCNT nanocomposites for high-performance and scalable triboelectric nanogenerators" adlı məqaləsi isə Q1 kvartilli "RSC Advances" jurnalında dərc olunub. Məqalədə məsaməli PS/MWCNT nanokompozitlərinin hazırlanması, onların enerji cihazlarının çıxışına təsiri və optimallaşdırılmış məsamə sayəsində yüksək gərginlik, cərəyan və güc əldə olunması araşdırılır.
Qeyd edək ki, Qarabağ Universitetinin əməkdaşlarının məqalələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilməsi bu ali təhsil müəssisəsinin elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasına və tədqiqat potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

