Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsinin nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasının təşkilatçılığı ilə akademik Yusuf Məmmədəliyevin memorial muzeyində “Akademik Yusuf Məmmədəliyev – 120: Elmi terminologiya və dil siyasətinə töhfələr” adlı tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbir akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun giriş sözü ilə açılıb. O, 113b və 119b qrup tələbələrinə alimin Azərbaycan elminə, xüsusən dünya neft-kimya sahəsinə verdiyi mühüm töhfələr barədə məlumat verib.
Tədbir çərçivəsində tələbələrə Y. Məmmədəliyevin həyat və yaradıcılığına həsr olunmuş ingilis dilində videoçarx nümayiş olunub. Daha sonra k.e.d., professor Reyhan Əliyeva müəllim və tələbələri memorial muzeylə tanış edərək eksponatları nümayiş etdirib və hər biri haqqında ətraflı məlumat verib.
Tədbirdə kafedra müdiri prof. L. Xanbutayeva, baş müəllimlər G. Məmmədova və T. Axundova da çıxış edərək böyük alimin elmi fəaliyyəti, dil siyasəti sahəsində nailiyyətləri, eləcə də Azərbaycan dilinin inkişafına, elmi terminologiyanın təkmilləşdirilməsinə və müasir elmi dilin formalaşmasına verdiyi töhfələr barədə məlumat təqdim ediblər.

