Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyəti və fakültənin nəzdində fəaliyyət göstərən Gənc iqtisadçılar klubunun birgə təşkilatçılığı ilə “Süni intellekt və iqtisadiyyatın gələcəyi: marketinqdə innovativ yanaşmalar” mövzusunda seminar keçirilib. Seminarda “PAŞA Həyat Sığorta”nın marketinq eksperti Fərid Hacıyev müasir marketinq trendləri haqqında məruzə ilə çıxış edib.
“Tehsil365” bildirir ki, əvvəlcə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev qonağı təqdim edib, süni intellekt texnologiyalarının iqtisadiyyatda tətbiqinin yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Aslanova süni intellektin iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyası ilə gələcəkdə iş proseslərinin daha səmərəli və innovativ təşkil ediləcəyini bildirib.
Fərid Hacıyev isə məruzəsində müasir marketinqdə tətbiq olunan innovativ metodlar, süni intellekt əsaslı analitika və personalizasiya alətləri, Azərbaycanda rəqəmsal marketinq ekosisteminin transformasiyası haqqında ətraflı məlumat verib. Qonaq çıxışında beynəlxalq təcrübədə istifadə olunan marketinq texnologiyalarından nümunələr də təqdim edib.
Seminar mövzu ətrafında müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.

