Dekabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin nəzdində fəaliyyət göstərən "ADPU TV" könüllü komandasının üzvləri ilə görüşüb.
“Tehsil365” Azərtca- a istinadən xəbər verir ki,görüşdə universitetin rektoru professor Cəfər Cəfərov çıxışında könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. O, media könüllülərinin universitet həyatının operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında göstərdikləri səyi yüksək qiymətləndirərək bildirib ki, “ADPU TV” komandası universitetin imicinin formalaşmasında və informasiya siyasətinin həyata keçirilməsində vacib rol oynayır.
Rektor qeyd edib ki, könüllülük fəaliyyəti tələbələrdə sosial məsuliyyət, komanda işi, liderlik və təşəbbüskarlıq kimi keyfiyyətlərin formalaşmasına mühüm təsir göstərir. C.Cəfərov çıxışında gələcəyin müəllimi olan tələbələrə yenilikçi düşüncə, rəqəmsal bacarıqların mənimsənilməsi və müasir təhsil texnologiyalarından istifadə ilə bağlı tövsiyələr verib. O vurğulayıb ki, müasir müəllim yalnız bilik ötürən deyil, eyni zamanda innovativ yanaşmaları tətbiq edən, dəyişən dünyaya uyğunlaşmağı bacaran və şagirdlərə yaradıcılıq aşılayan şəxs olmalıdır.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev könüllülərin universitetin ictimai həyatında fəal iştirakının olduqca təqdirəlayiq hal olduğunu deyib. O, media könüllülərinin öz fəaliyyətləri ilə informasiya mədəniyyətinin formalaşmasına töhfə verdiklərini, universitet daxilində həyata keçirilən tədbir və layihələrin geniş auditoriyaya operativ çatdırılmasında mühüm rol oynadıqlarını bildirib. Prorektor “ADPU TV” könüllü komandasının fəaliyyəti barədə ətraflı məlumat verərək, tələbələrin bu sahəyə böyük maraq göstərdiklərini qeyd edib. O, media könüllülərinin praktik bilik və bacarıqlar əldə etməsi üçün görülən işlərdən danışıb, gələcəkdə yeni layihələrin reallaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonda rektor fəallığı ilə fərqlənən komanda üzvlərini fəxri fərmanla təltif edib.

