Fransada 2026-cı il büdcə layihəsi təhsil sektorunda narahatlığa səbəb olub
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, hökumətin təqdim etdiyi yeni maliyyə planı təhsil sektorunda minlərlə iş yerinin ləğvini, o cümlədən müəllim və tədris personalının sayının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Bu addımın ictimai təhsilin gələcəyinə və ölkənin məktəb şəbəkəsinin davamlılığına mənfi təsir edə biləcəyi bildirilir.
Məsələ həm təhsil ictimaiyyətində, həm valideynlər arasında ciddi narazılıq yaradıb. Bu səbəbdən ölkənin aparıcı təhsil sindikatları hökumətin planlarına kəskin etiraz edərək, dəyişikliklərin “ictimai xidmətlərdə kəskin geriləmə” yaradacağını bildiriblər. Onlar hökuməti büdcə layihəsindəki bu bəndlərdən imtina etməyə, əvəzində təhsilin maliyyələşdirilməsini gücləndirməyə çağırırlar.
Sindikatların açıqlamalarına əsasən, əgər plan təsdiqlənərsə, Fransada məktəblərin idarə olunması, müəllim çatışmazlığı və təhsil bərabərliyi ilə bağlı problemlərin daha da dərinləşəcəyi gözlənilir.

