Bu gün Azərbaycan ədəbiyyatının və elminin tanınmış simalarından biri, Xalq yazıçısı, akademik Kamal Abdullanın doğum günüdür.
"Tehsil366" xəbər verir ki, O, 1950-ci ilin 4 dekabrında Bakıda anadan olub.
Kamal Abdulla zəngin elmi və bədii yaradıcılığı ilə Azərbaycan humanitar düşüncəsinə mühüm töhfələr verib. Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olan Kamal Abdulla, Azərbaycan dilçiliyi, mədəniyyətşünaslıq və klassik ədəbiyyat sahəsində saysız-hesabsız elmi əsərlərin müəllifidir. Eyni zamanda, o, “Yarımçıq əlyazma” kimi nüfuzlu romanlarla müasir Azərbaycan nəsrində özünəməxsus iz qoyub.
1999-cu ildə Əməkdar elm xadimi, 2019-cu ildə isə Xalq yazıçısı fəxri adlarına layiq görülən Kamal Abdulla, dövlət qulluğunda da mühüm vəzifələr icra edib. O, bir müddət dövlət müşaviri və ali təhsil sahəsində rəhbər postlarda çalışaraq, gənc nəslin inkişafına da xüsusi diqqət yetirib.
Alim və yazıçı kimi fəaliyyətini uğurla birləşdirən Kamal Abdulla bu gün də Azərbaycan ictimai-mədəni həyatının fəal simalarından biri olaraq tanınır. Onun yubileyində ona sağlamlıq və yeni yaradıcılıq uğurları arzulanır.

