Hazırkı təhsil sistemində şagirdlərin yalnız məlumat toplaması deyil, informasiyanı dərk etməsi və dərinləşdirməsi ən vacib mövzulardan birinə çevrilib. Bu səbəbdən “ağlı yavaşlatmaq” bacarığının inkişafı müasir təhsilin prioritet istiqamətlərindən hesab olunur.
Təhsil eksperti Teyyub Ağayev “Tehsil365”ə mövzu ilə bağlı fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, “ağlı yavaşlatmaq” informasiya üzərində dayanmaq, əlaqələri görmək, nəticə çıxarmaq və düşüncəni dərinləşdirmək bacarıqlarını özündə birləşdirir:
“Bu, ayrıca öyrədilən müstəqil bir bacarıqdır və təmbəllik kimi yox, intellektual idarəetmə kimi qiymətləndirilməlidir.”
Ağayev bu bacarığın inkişafı üçün məktəblərdə tətbiq edilə biləcək metodikaları da açıqlayıb. Onun sözlərinə görə, yavaş oxu dərsləri ilk effektiv addımlardan biridir:
“Şagirdlərə gündə 10–15 dəqiqəlik mətn üzərində tələsmədən dayanmaq tapşırılır. Hər paraqrafdan sonra ‘Mən burada nəyin baş verdiyini tam anladım?’ sualı ilə pauza edilir.”
Ekspert vurğulayır ki, mətnin ikinci oxunuşunda diqqət səbəb–nəticə əlaqələrinə yönəldilməlidir. Bu, həm anlama səviyyəsini artırır, həm də şagirdin düşünmə prosesini sistemləşdirir.
Ağayevin sözlərinə görə, düşüncə pauzaları və müzakirələr də bu bacarığın gücləndirilməsində mühüm rol oynayır:
“Yavaş düşünmə metodikaları qurmaqla şagirdlər informasiyanı yalnız qəbul etmir, onu analiz etməyi də öyrənirlər.”
Ekspert bildirib ki, qiymətləndirmə sistemi də bu yanaşmaya uyğunlaşdırılmalıdır:
“Şagirdin düşüncə dərinliyini və əlaqə qurma bacarığını ölçmədən yalnız test nəticələri ilə qiymətləndirmə aparmaq mümkün deyil.”
Ağayev sonda qeyd edib ki, bu metodlar tətbiq edildikcə şagirdlərdə həm analitik düşüncə, həm də akademik performans əhəmiyyətli dərəcədə yüksələcək.

