“Regional İnkişaf” İctimai Birliyinin və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Bakı Dövlət Universitetinin, həmçinin “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə BDU-da əlilliyi olan uşaqlar üçün maarifləndirici tədbir keçirilib. Tədbir Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilib.
“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində uşaqlar ekoloji biliklərini, yaradıcı düşüncə və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə aquaponika sistemi ilə suda bitki yetişdirilməsi prosesinə, bitki əkilməsi fəaliyyətinə və quş yuvalarının rənglənməsi üzrə ustad dərslərinə cəlb olunublar. Bununla yanaşı, valideynlər üçün psixoloq və mütəxəssislərin iştirakı ilə maarifləndirici sessiyalar təşkil edilib. Günün sonunda bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edilib ki, tədbirin əsas məqsədi inklüziv uşaqların təbiət və yaradıcılıqla təmasını artırmaqla onların sosial, emosional və dərketmə bacarıqlarının inkişafına dəstək göstərməkdir.

