Nyu-York Universiteti Şanxay və Feişu Çin icmasının təşkilatçılığı ilə keçirilən “Optimization, Control and AI” adlı beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri Sərxan Talıbzadə məruzə ilə çıxış edib.
“Tehsil365” xəbər verir ki, O, “AI-Powered Plagiarism Detection for Academic Writing in Low- Resource Languages” mövzusunda təqdimat edərək aşağı resurslu dillərdə akademik mətnlərin süni intellekt vasitəsilə plagiat analizinin aparılması üzrə apardığı tədqiqatın nəticələrini iştirakçılarla bölüşüb. Qeyd olunan mövzu Sərxan Talıbzadənin hazırda üzərində çalışdığı elmi-tədqiqat işinin əsas istiqamətlərindəndir.
Tədbir çərçivəsində Harvard, Prinston, Fudan, Şanxay Jiao Tonq, London Kraliça mariya universitetləri, London İmperial Kolleci kimi dünyanın aparıcı ali təhsil müəssisələrindən olan alimlərin çıxışları dinlənilib. Səfərin növbəti günündə Sərxan Talıbzadə BMT-nin UNU-INWEH təşkilatı tərəfindən keçirilən hakatonda münsiflər heyətinin üzvü kimi çıxış edib. O, həmçinin Stockholm Water Prize mükafatı laureatı, dünya şöhrətli hidrogeoloq professor Con Çerri ilə elmi müzakirələr aparmaq imkanı qazanıb.
Səfərin sonuncu günü AzMİU nümayəndəsi Şanxay Robot Sənaye Texnologiyaları Elmi-Tədqiqat İnstitutunda olub və elm-sənaye inteqrasiyası əsasında yaradılan innovativ həllərlə yaxından tanış olub. Sərxan Talıbzadə səfərin yüksək səviyyədə təşkil olunmasını, elmi işinə beynəlxalq akademik ictimaiyyət tərəfindən verilən dəyəri və iştirakla bağlı bütün xərclərin qarşılanmasını böyük etimad göstəricisi kimi qiymətləndirib.
Bildirib ki, nüfuzlu beynəlxalq elm adamları ilə süni intellekt texnologiyalarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq onun üçün son dərəcə dəyərli elmi təcrübə olub.

