Bolu şəhərində gəzintidə olan təbiətsevərlər üzərində xaç işarələri olan, bir hissəsi kəsilərək su bulağı kimi istifadə edilən tarixi bir lahitlə qarşılaşıblar.
“Tehsil365” türk mediasına istinadən xəbərverir ki, Təbiət Yürüşü Qrupu 30 noyabrda Çatakören Yaylasından Gidiriş kəndinə qədər yürüş təşkil edib. Yürüşdə iştirak edən 29 nəfər marşrut üzərində yerləşən bir çeşmədə fasilə verib. Elə burada çeşmənin su bulağı kimi qədim bir lahitdən istifadə edildiyi müşahidə olunub.
Qrup üzvlərinin çəkdikləri fotolarda lahitin üzərindəki xaç işarələri diqqət çəkib. Həmçinin, onun bir hissəsinin heyvanların rahat su içməsi üçün kəsildiyi müəyyən edilib. Təbiətsevərlər vəziyyəti Bolu Muzey Müdürlüyünə bildirərək məsələ ilə bağlı araşdırma aparılmasını tələb ediblər.
Qeyd edək ki, lahit — ölülərin dəfn edilməsi üçün taxtadan, daşdan, qurğuşundan və ya gildən hazırlanmış, üstü qapaqla örtülən qədim qəbir növü kimi tanınır.

