Türkiyənin İstanbul şəhərində yerləşən, Milli Saraylar İdarəsinə məxsus Topqapı Sarayının daxilində “Saat Muzeyi” açılıb. Muzeydə bəziləri dünyada tək nümunə olmaqla 300-dən çox saat sərgilənir.
“Tehsil365” “TRT Haber”ə istinadən xəbər verir ki, Osmanlı sultanlarının yaşadığı Topqapı Sarayının ikinci həyətində yerləşən “Has Ahırlar” bölümü geniş bərpa işlərindən sonra “Saat Muzeyi”nə çevrilib.
“Zaman və Sənət” mövzusu ilə qapılarını açan muzeydə saatlar yalnız zaman ölçən cihazlar deyil, eyni zamanda sənət əsəri olaraq təqdim edilir.
Fransa imperatoru Napoleonun Sultan II Mahmud üçün hazırlatdığı “pendül” kimi tanınan saat, Sultan II Əbdülhəmidə hədiyyə edilən rus istehsalı “grifon” fiqurlu masa saatı da burada yer alır.
Hər saatın altında tarixi məlumatlar və texniki xüsusiyyətlər yazılıb. Məlumat panelləri ziyarətçilərə kifayət qədər geniş məlumat verir.
Saatlar muzeydə xüsusi hazırlanmış tematik bölmələr altında göstərilir. Saatların sərgiləndiyi vitrinlər də bütün detallar düşünülərək hazırlanıb. Hər bir saat mexaniki quruluşuna və estetik xüsusiyyətlərinə uyğun xüsusi dizayn edilmiş vitrinlərdə nümayiş olunur.
Yolunuz İstanbula düşərsə, nəzərinizdə olsun ki, “Saat Muzeyi” çərşənbə axşamı istisna olmaqla həftənin hər günü 09:00–17:00 arası ziyarət üçün açıqdır.

