Azərbaycan Dillər Universitetinin “Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzində baş tutan görüşdə Azərbaycan–Rumıniya dostluq əlaqələrində hər iki universitetdə fəaliyyət göstərən Multikulturalizm mərkəzlərinin mədəni əməkdaşlıqda oynadığı rol müzakirə olunub. 1 dekabr 2025-ci ildə keçirilmiş dəyirmi masanın Rumıniyanın dövlət bayramı gününə təsadüf etməsi tədbirə xüsusi məna qatıb.
“Tehsil365” bildirir ki, dəyirmi masa Azərbaycan Dillər Universitetinin “Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzi, Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi, İona Kryanqe adına Kişinyov Pedaqoji Universitetinin Tarix və Filologiya fakültəsi və Rumıniyanın İ.Kuzi adına Yassı Universitetinin Azərbaycan Multikulturalizmi Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin moderatorları – Azərbaycan Dillər Universitetinin “Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzinin müdiri Loğman Rəşidzadə, İ.Kuzi adına Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, dosent Lyudmila Bejenaru və Azərbaycan Dillər Universitetinin magistrantı, bloger Lalə Əfəndi – dəyirmi masanın gedişini idarə ediblər.
Dosent Lyudmila Bejenaru çıxışında Azərbaycan və Rumıniya arasında dostluq və mədəni əməkdaşlıqdan, Yassı Universiteti ilə Azərbaycan Dillər Universitetinin elmi-təşkilati əlaqələrindən bəhs edib, həmçinin Lütfi-zadə irsi və Rumıniya elmi mühiti ilə əməkdaşlıq imkanları haqqında geniş məlumat verib.
Tədbirə onlayn formatda qoşulan Yassı Universiteti Beynəlxalq Tarixi Əlaqələr fakültəsinin direktoru professor Kristian Poloskaru, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşı Faik Kərimli, İona Kryanqe adına Kişinyov Pedaqoji Universitetinin Filologiya və Tarix fakültəsinin dekanı dosent Qabriella Topor, ADU magistrantları Fidan Mədətova və Narınc Simandueva Azərbaycan–Rumıniya dostluq və multikultural əməkdaşlığı barədə fikirlərini bölüşüblər. Çıxışlarda iki universitet arasında mədəni və akademik əlaqələrin dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.
Tədbir sual-cavab və diskussiya şəklində yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanda multikultural dəyərlərə hörmət və ehtiram əsrlər boyunca formalaşmış mənəvi, ictimai-sosial və siyasi tendensiya kimi bu günümüzdə də öz mövqeyini qoruyub saxlamaqdadır. Qloballaşma dövrü multikultural əlaqələrin səciyyəsində müəyyən keyfiyyət dəyişiklikləri yaratmış, əlaqə və münasibətlərə yeni sosial-siyasi istiqamət vermişdir. Narahat dünyanın bu çağında, xalqların sınaq qarşısında qaldığı belə bir vaxtda insanların bir-birini başa düşməsinə və qəbul etməsinə, multikultural əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac günü-gündən artır. Azərbaycan bir xalq, bir dövlət olaraq bu sahədə beynəlxalq ədaqələrdə öz səylərini günü-gündən artırır. O cümlədən Azərbaycan Dillər Universitetinin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Bu gün onlarla xarici ölkə universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzləri, multikulturalizm mərkəzləri və bu tipli elmi-kütləvi təşkilatlar fəaliyyət göstərir, akademik əlaqələr qurulur. Belə təşkilatlardan biri də İ.Kuzı adına Ruminiya Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzidir.

