TurkEdu Azərbaycan tərəfindən təşkil olunan beynəlxalq təcrübə və inkişaf proqramı çərçivəsində Azərbaycan təhsil işçilərindən ibarət 40 nəfərlik müəllim heyəti 5 gün müddətində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə rəsmi səfər edib.
Bu barədə “Tehsil365” xəbər verib.
Səfərin əsas məqsədi Azərbaycan müəllimlərinin qlobal təhsil təcrübələrini öyrənməsi, beynəlxalq əməkdaşlığı genişləndirməsi və müasir pedaqoji yanaşmalarla tanış olması olub. Proqram çərçivəsində müəllimlər Çinin nüfuzlu University of International Business and Economics (UIBE) ali təhsil müəssisəsində intensiv təlim proqramında iştirak ediblər. Təlimlərdə təhsildə innovasiyalar, rəqəmsal bacarıqlar, idarəetmə strategiyaları, müasir iqtisadiyyatın tədrisi və qlobal təhsil trendləri üzrə mühazirələr təqdim olunub.
Azərbaycan müəllimləri, həmçinin, Çin təhsil modeli, məktəb idarəçiliyi, müəllim hazırlığı və sinifdaxili metodikaların tətbiqi ilə bağlı yerli ekspertlərlə fikir mübadiləsi aparıblar. Bu təcrübə gələcəkdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün mühüm platforma formalaşdırır.
Proqram çərçivəsində heyət Pekin şəhərinin tarixi və müasir mədəniyyətini əks etdirən bir sıra məkanlara səfər edib. Müəllimlər Böyük Çin Səddi, İmperator Sarayı (Forbidden City), Tiananmen Meydanı, Summer Palace kimi dünya irsinə daxil olan məkanlarda olub, Çin mədəniyyəti və tarixini yaxından tanıyıblar.
Səfər iştirakçılarının sözlərinə görə, bu proqram həm professional inkişaf, həm də beynəlxalq təcrübə baxımından olduqca əhəmiyyətli olub. Təlimlər, nəzəri biliklərlə yanaşı, praktiki metodların tətbiqinə geniş imkan verib və müəllimlərin gələcək fəaliyyətində yeni yanaşmaların formalaşmasına şərait yaradıb.
TurkEdu Azərbaycan beynəlxalq təcrübə mübadiləsi və müəllimlərin peşəkar inkişafına yönəlmiş bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib. Bu səfər, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyası və qlobal trendlərə uyğunlaşması istiqamətində əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.

