Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Xarici dillərin tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə “Müəllimlərin ixtisasartırma təlimlərinə təşviq edilməsi” adlı dəyirmi masa keçirilib.
“Tehsil365” bildirir ki, tədbirin əsas məqsədi müəllimlərin ixtisasartırma təlimlərində iştirakının təşviq olunması, bu prosesin aktuallığının vurğulanması və stimullaşdırıcı mexanizmlərin müzakirəsi olub.
Dəyirmi masa Filologiya fakültəsinin dekanı, dosent Aynur Budaqovanın giriş nitqi ilə açılıb. Dekan müəllimlərin peşəkar inkişafının ali təhsil müəssisələri üçün əsas prioritetlərdən biri olduğunu qeyd edib və yerli və beynəlxalq təlim proqramlarının elmi-pedaqoji fəaliyyətə müsbət təsir göstərdiyini vurğulayıb.
Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova APFAZ-ın təşkilatçılığı ilə iştirak etdiyi ixtisasartırma təlimlərinin məzmunu, metodik xüsusiyyətləri və əldə edilən nəticələr barədə məlumat verib. O, bu təlimlərin müəllimlərin həm nəzəri, həm də praktiki biliklərinin inkişafında mühüm rol oynadığını bildirib.
Daha sonra Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, APFAZ İdarə Heyətinin üzvü, dosent Vəfa Seyid 28 iyul – 15 avqust 2025-ci il tarixlərində Belçikanın Louvain-la-Neuve şəhərində APFAZ tərəfindən təşkil olunmuş ixtisasartırma proqramı barədə geniş təqdimatla çıxış edib. O, təlimlərdə tətbiq edilən innovativ metodlar və beynəlxalq təcrübə mübadiləsi barədə məlumat verib.
Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Sevinc Hüseynova isə müəllimlərin müasir dil metodikalarına yiyələnməsinin vacibliyini və beynəlxalq standartlara uyğun təlim proqramlarının tətbiqinin əhəmiyyətini önə çəkib.
Müzakirələr zamanı müəllimlərin motivasiyasının artırılması üçün yeni stimullaşdırıcı mexanizmlərin hazırlanması, təlim proqramlarının müasir tələblərə uyğun yenilənməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib. Kafedra rəhbərləri qeyd ediblər ki, bu təkliflər növbəti tədris ilində nəzərə alınacaq.
Dəyirmi masa səmərəli fikir mübadiləsi ilə yekunlaşıb və müəllimlərin peşəkar inkişafını dəstəkləyən gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

