22–28 noyabr tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) komandası Sankt-Peterburqda keçirilən Dünya Tarixi üzrə Beynəlxalq Olimpiadada uğurlu nəticə əldə edib. Bu il 80-dən çox ölkədən 1600-dən artıq əcnəbi vətəndaşın iştirak etdiyi tədbir humanitar ixtisaslı tələbələr üçün dünyanın ən genişmiqyaslı intellektual platformalarından biri kimi dəyərləndirilib. ADU-nun “Bakı Atmosferi” adlı komandası nüfuzlu beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.
“Tehsil365” bildirir ki, komandaya Belarus dili və mədəniyyəti Mərkəzinin direktoru, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sergey Leonidoviç Klimov rəhbərlik edib.
Komandanın üzvləri Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbələridir:
* Rəcəbli Fərid
* Səmədzadə Vilayət
* Pirvərdiyev Cəfərsadıq
* Bayramov İmran
* Yadigarlı Ramal
Olimpiadanın bütün mərhələlərində iştirakçılar mürəkkəb tarixi hadisələri təhlil etmək, müxtəlif mənbələri müqayisə etmək, eləcə də öz mövqelərini əsaslandırılmış şəkildə müdafiə etmək bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyəti komandanın əlaqəli fəaliyyəti, orijinal yanaşmaları və tələbələrin yüksək hazırlıq səviyyəsini xüsusi olaraq qeyd edib.
Azərbaycan Dillər Universitetinin komandası üçün bu uğur beynəlxalq tələbə mübadiləsinin genişləndirilməsi və beynəlxalq münasibətlər sahəsində gələcək mütəxəssislərin peşəkar kompetensiyalarının inkişafı baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

