Azərbaycan Dillər Universitetinin Doktorantura şöbəsi və İngilis və fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə “Süni intellekt texnologiyalarının ingilis dilinin tədrisi prosesində qiymətləndirmə sistemlərinə təsiri” mövzusunda seminar keçirilib.
“Tehsil365” bildirir ki, tədbirdə təlimçi qismində kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şükürova Fəridə Şahlar qızı çıxış edib. Seminarda ADU-nun professor-müəllim heyəti və doktorantlar iştirak ediblər.
Seminar zamanı süni intellekt texnologiyalarının ingilis dilinin tədrisində qiymətləndirmə prosesinə təsiri və müasir pedaqoji yanaşmaların formalaşmasındakı əhəmiyyəti geniş müzakirə olunub.
Təlimçi AI texnologiyalarının tələbələrin yazı, dinləmə və danışıq bacarıqlarını real vaxtda analiz etməsi, qrammatik səhvləri müəyyənləşdirməsi və fərdi inkişaf üçün dərhal geribildirim təqdim etməsi kimi imkanları barədə məlumat verib. Bildirilib ki, bu funksionallıq müəllimlərə daha obyektiv qiymətləndirmə aparmağa, tələbələrə isə öz zəif tərəflərini qısa zamanda müəyyənləşdirərək inkişaf etdirməyə şərait yaradır.
Seminar mövzu ilə bağlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

