Bu gün – 5 dekabr, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, dramaturq və filosof Hüseyn Cavidin anım günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1941-ci ilin bu günündə SSRİ repressiyaları nəticəsində İrkutsk vilayətinin Tayşet rayonunda həyatını itirib.
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə) 24 oktyabr 1882-ci ildə Naxçıvanda anadan olmuşdur. O, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının əsas nümayəndələrindən biri kimi tanınır. Milli romantik poeziya və mənzum faciə janrının banisi sayılan Hüseyn Cavid, əsərlərində fəlsəfi ümumiləşdirmələrə, insan azadlığı və mənəvi kamilliyə üstünlük verirdi.
"İblis", "Peyğəmbər", "Şeyx Sənan", "Topal Teymur" kimi əsərləri ədəbiyyatımızın parlaq səhifələrindəndir. Onun irsi müasir dövrdə də aktuallığını qoruyur və Azərbaycan milli dramaturgiyasının inkişafında mühüm yer tutur.
Repressiya qurbanı olan Hüseyn Cavidin yaradıcılığı azadlıq, ədalət və yüksək mənəviyyat aşılayan dəyərli bir irs kimi yaşayır.

