Utancaq və ya qapalı uşaqlar üçün məktəb mühiti bəzən emosional baxımdan çox yükləyici ola bilir. Yeni insanlar, müəllimlərlə ünsiyyət, sinifdaxili dinamika və sosial gözləntilər onlarda stress və geri çəkilmə yarada bilər. Bu halda həm məktəb, həm də valideyn birlikdə addım atmalıdır.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib.O, bildirib ki:
“Birinci növbədə, uşağın utancaqlığını “xəta” kimi yox, temperament xüsusiyyəti kimi qəbul etmək vacibdir. Məqsəd onu dəyişdirmək yox, ona uyğunlaşmaq bacarıqlarını öyrətməkdir.
Psixoloqun rolu burada çox böyükdür. Fərdi və kiçik qrup məşğələləri vasitəsilə uşaq sosial bacarıqları mərhələli şəkildə inkişaf etdirir: göz təması qurma, fikrini ifadə etmə, özünü təqdim etmə, kiçik komanda işlərində iştirak və s. Bu bacarıqlar uşaqda həm özünəinamı artırır, həm də sosial mühitdə təhlükəsizlik hissi yaradır.
Bundan başqa, müəllimlərlə koordinasiya vacibdir. Müəllimlər utancaq uşağa dərsdə birdən-birə cavab vermək tapşırığı yox, əvvəlcədən hazırlıqlı şəkildə iştirak imkanı yaratmalı, tədricən onun özünü göstərməsinə şərait qurmalıdırlar.
Ekspertin fikrincə,valideynin dəstəyinin ən mühüm tərəfi isə uşağı tənqid etmədən, “sən niyə belə sakit uşaqsan?” kimi yükləyici mesajlarsız müşahidə etmək və kiçik sosial nailiyyətləri belə mütləq qiymətləndirməkdir. Uşaq hiss etməlidir ki, məktəb onun üçün qorxulu yer deyil, öyrənə biləcəyi və qəbul olunduğu bir mühitdir”.

