Müasir təhsildə oxu savadlılığı yalnız mətnin səsləndirilməsi deyil, onun dərin məzmununun qavranılması, təhlili və nəticə çıxarma bacarıqları ilə ölçülür. Məhz bu bacarıqların erkən yaşlardan inkişaf etdirilməsi məqsədilə 2024–2025-cı tədris ilində ibtidai sinif şagirdləri üçün “BilBacar” adlı yeni ümumrespublika müsabiqəsinə start verilib.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin əsas məqsədi III və IV sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır. Layihə həm də sinifdaxili, siniflərarası və məktəblərarası sağlam rəqabətin formalaşdırılmasına xidmət edir.
Builki müsabiqədə 2025–2026-cı tədris ilində III və IV siniflərdə təhsil alan şagirdləri olan məktəblər iştirak edə bilər. Ümumilikdə 8 ay davam edən müsabiqə 2025-ci ilin noyabr ayından başlayıb. 2026-cı ilin iyun ayınadək davam edəcək müsabiqə iki mərhələdə təşkil olunacaq.
Birinci mərhələ 2025-ci ilin noyabrından 2026-cı ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Bu mərhələdə hər məktəb üçün “BilBacar” koordinatoru təyin ediləcək. Şagirdlər UTİS kodu və şifrəsi vasitəsilə platformada şəxsi kabinetlərinə daxil olacaqlar. Platformada “Yarış” və “Hazırlıq” adlı iki əsas bölmə fəaliyyət göstərəcək.
“Yarış” bölməsində şagirdlər məktəbdə koordinatorun nəzarəti altında seanslarda iştirak edirlər. Hər seans iki hissədən ibarət olmaqla ümumilikdə 80 dəqiqə davam edir. Sualların sayı 29–38 arasında dəyişir. Hər düzgün cavab 10 balla qiymətləndirilir, səhv cavablar isə nəticəyə mənfi təsir göstərmir. Seansların keçirilmə tarixləri əvvəlcədən elan edilib.
“Hazırlıq” bölməsi isə şagirdlərin yarışlara istənilən vaxt və istənilən məkandan hazırlaşması üçün nəzərdə tutulub. Burada da sual sayı yarış formatına uyğun şəkildə müəyyən edilib.
Müsabiqədə liqa (səviyyə) sistemi tətbiq olunur. Şagirdlər əldə etdikləri nəticələrə uyğun olaraq 6 liqadan birində qərarlaşırlar: “Usta” (10 şagird), “Çempion” (20 şagird), “Kristal” (30 şagird), “Qızıl” (100 şagird), “Gümüş” (140 şagird) və “Bürünc” (digər iştirakçılar). Nəticələr və liqa mövqeləri platformada mütəmadi yenilənəcək.
“BilBacar” müsabiqəsində təkcə şagirdlər deyil, siniflər və məktəblər də yarışır. Məktəblər “yüksək iştirakçılıq” və “yüksək nəticə” olmaqla iki kateqoriya üzrə qiymətləndirilir. Yüksək iştirakçılıq məktəbdə mövcud olan bütün 3 və 4-cü siniflərin müsabiqəyə qatılması ilə müəyyən olunur. Sinfin iştirakçılığı üçün şagirdlərin ən azı 80 faizinin iştirakı tələb olunur. Yüksək nəticə isə məktəbin və ya sinfin şagirdlərinin topladığı balların orta göstəricisi əsasında hesablanır.
Reytinq sistemi də real vaxt rejimində işləyəcək. Saytın ana səhifəsində ilk 160 məktəbin adı, eləcə də şagirdlər üzrə ilk 5 liqada yer alan təxminən 300 iştirakçının adları mütəmadi olaraq yenilənəcək.
İkinci, yəni final mərhələsi 2026-cı ilin iyun ayının ilk yarısında əyani formatda keçiriləcək. Birinci mərhələnin sonunda “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında qərarlaşmış şagirdlər finala vəsiqə qazanacaqlar. Final mərhələsində əvvəlki nəticələr sıfırlanacaq və qaliblər mərkəzləşdirilmiş qaydada müəyyən ediləcəklər.
Müsabiqənin yekununda qalib şagirdlər və məktəblər təntənəli mükafatlandırma mərasimində diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, “BilBacar” müsabiqəsi müasir təhsil mühitində oxu savadlılığının gücləndirilməsi, şagirdlərin analitik düşüncə bacarıqlarının inkişafı və rəqəmsal qiymətləndirmə təcrübəsinin formalaşdırılması baxımından mühüm təşəbbüs kimi dəyərləndirilir.

