Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu ali təhsil müəssisələrinin ekoloji davamlılıq göstəricilərini qiymətləndirən “UI GreenMetric World University Ranking 2025” nəticələrinə əsasən Cənubi Qafqaz üzrə lider mövqeyinə yüksəlib.
“Tehsil365” xəbər verir ki, universitet bu il reytinqdə əhəmiyyətli irəliləyiş əldə edərək, 105 ölkədən 1745 universitet arasında 493-cü pilləyə yüksəlib və əvvəlki illə müqayisədə 114 pillə irəliləyiş nümayiş etdirib. Reytinqdə Azərbaycanın 19 ali təhsil müəssisəsi arasında BDU ölkə üzrə də ən yüksək mövqeyi tutub.
“UI GreenMetric” reytinqinin əsas məqsədi universitetləri ekoloji problemlərin həllinə daha fəal cəlb etmək, kampuslarda davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməkdir. Reytinq qiymətləndirməsi kampusların təbii mühitə təsiri və infrastruktur həlləri, enerji siyasəti və iqlim dəyişikliklərinə təsirin azaldılması, kağız istifadəsinin optimallaşdırılması və rəqəmsallaşma, su resurslarının səmərəli idarə edilməsi, nəqliyyatın ekoloji cəhətdən dayanıqlılığı, ekoloji mövzularda tədrisin təşkili, ekoloji araşdırmalara ayrılan resurslar və davamlılıqla bağlı elmi nəşrlərin sayı meyarları üzrə aparılır.
BDU-nun bu nailiyyəti universitetdə həyata keçirilən ekoloji yönümlü təşəbbüslərin, həmçinin tələbə və akademik heyətin ekoloji məsuliyyət sahəsində göstərdiyi səylərin nəticəsidir. Bu uğur universitetin beynəlxalq reytinqlərdə mövqeyini daha da möhkəmləndirir və davamlı inkişaf istiqamətində öhdəliklərinin yerinə yetirilməsinə sadiqliyini nümayiş etdirir.

