Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Tehsil365” xəbər verir ki,Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı kampus binası ilə tanış edib. Görüş zamanı rektor rəhbərlik etdiyi ali təhsil ocağı və burada yaradılan tədris mühiti haqqında məlumat verib. O bildirib ki, Bakı Ali Neft Məktəbi ilə Özbəkistanın iki universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Həmçinin mübadilə proqramı çərçivəsində Özbəkistanın müxtəlif universitetlərindən tələbələr BANM-də təhsil alırlar. Rektor vurğulayıb ki, hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 25 özbək tələbə təhsil alır. Elmar Qasımov gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin, yay və qış məktəblərinin təşkilinin və tələbə sayının artırılmasının vacibliyini vurğulayıb.
Özbəkistan səfiri BANM-də yaradılan şəraiti yüksək qiymətləndirərək, Azərbaycanda ən çox sayda özbək tələbənin məhz Bakı Ali Neft Məktəbində təhsil aldığını qeyd edib.O bildirib ki, Səfirlik olaraq təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar və bu istiqamətdə müvafiq dəstəyi göstərməyə hazırdırlar.
Görüşdə tələbələr üçün birgə tədbirlərin təşkili ilə bağlı müzakirələr də aparılıb.

