Azərbaycan Dillər Universitetinin (ADU) Təhsildə Xarici Dillər və Rus dili və ədəbiyyatı kafedralarının birgə təşkilatçılığı ilə ölkəmizin 44 günlük tarixi Zəfərinə həsr olunmuş “Zəfərə gedən yol” adlı esse müsabiqəsi təşkil edilib. Müsabiqənin əsas məqsədi tələbələrin vətənpərvərlik ruhunda yazı bacarıqlarının inkişaf etdirilməsi və Vətən müharibəsində qazanılan şanlı Qələbənin əhəmiyyətinin gənclər arasında daha dərindən təbliğ olunması olub.
“Tehsil365” bildirir ki, tədbirdə Elm şöbəsinin müdiri dosent Sevda İmanova, fakültə dekanları və kafedra müdirləri iştirak ediblər. Mərasim Rus dili və ədəbiyyatı kafedrasının müdiri, professor Məmməd Əliyevin giriş nitqi ilə açıq elan olunub. O, qonaqları və tələbələri salamlayaraq bu cür layihələrin əhəmiyyətini vurğulayıb.
Daha sonra Təhsildə Xarici Dillər kafedrasının müdiri, fil.f.d., dosent Həqiqət Hacıyeva çıxış edərək, Azərbaycanın şanlı Zəfərinin 5 illiyi münasibətilə iştirakçıları təbrik edib, tələbələrin müsabiqəyə yüksək fəallıqla qatılmalarına görə təşəkkürünü bildirib.
Tədbirin qonaqları – polkovnik-leytenant Firdovsi Xəlilov, qazi Rəşad İsmayılzadə və qazi Elvin Zaməddinov çıxış edərək, tələbələr arasında vətənpərvərlik ruhunu gücləndirən belə təşəbbüslərin xüsusi önəm daşıdığını qeyd ediblər.
Müsabiqədə müxtəlif fakültələrdən olan tələbələr iştirak edərək, Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətini və qəhrəmanların igidliyini öz bədii yanaşmaları ilə ifadə ediblər.
Sonda ümumilikdə 57 iştirakçıdan 15 nəfər sertifikat və pul mükafatı, 42 nəfər isə təşəkkürnamə ilə təltif olunub.

