Azərbaycan Dillər Universiteti (ADU) dünyada ali təhsil müəssisələrinin dayanıqlılıq sahəsindəki fəaliyyətini qiymətləndirən “UI GreenMetric World University Rankings 2025” reytinqində iştirak edərək əhəmiyyətli nəticə əldə edib. Bu il ilk dəfə iştirak etməyinə baxmayaraq Universitet bu beynəlxalq reytinqdə Azərbaycan üzrə 11-ci, dünya üzrə isə 958-ci pillədə qərarlaşıb.
“Tehsil365” bildirir ki, UI GreenMetric reytinq sistemi ali təhsil müəssisələrinin ekoloji davamlılıqla bağlı strategiya və fəaliyyətlərini, kampusların idarəetmə modellərini, resurslardan istifadə effektivliyini və “yaşıl universitet” konsepsiyasına uyğun təşəbbüslərini qiymətləndirir. Reytinqin 2025-ci il buraxılışı dünyanın 105 ölkəsindən 1 745 universiteti əhatə edib, bu da sistemin qlobal miqyasda nüfuz və əhatə dairəsinin artdığını göstərir.
Azərbaycan Dillər Universiteti ümumilikdə 5347,5 xal toplayaraq aşağıdakı alt-indekslər üzrə nəticələr nümayiş etdirib:
İnfrastruktur (SI) – 710 xal
Enerji və İqlim Dəyişikliyi (EC) – 910 xal
Tullantıların İdarəolunması (WS) – 800 xal
Su Ehtiyatları (WR) – 512,5 xal
Nəqliyyat (TR) – 1425 xal
Təhsil və Tədqiqat (ED) – 990 xal
Qeyd olunan göstəricilər ADU-nun dayanıqlı inkişaf sahəsində institusional strategiyalarının, ekoloji maarifləndirmə təşəbbüslərinin, kampus resurslarından səmərəli istifadə siyasətinin və yaşıl infrastrukturun gücləndirilməsi istiqamətində görülən işlərin real nəticələrini əks etdirir.
Reytinqin bu il üçün əsas mövzusu “Advancing Sustainable Development Goals in Higher Education: Stories from Our Institutions and Communities” kimi müəyyən edilmişdir. Bu kontekst ali təhsil sisteminin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekoloji mədəniyyətin, davamlı enerji siyasətinin və resurslara məsuliyyətli yanaşmanın təşviqini zəruri edir.
ADU-nun reytinqdə iştirakı və əldə etdiyi nəticə universitetin dayanıqlılıq yönümlü inkişaf strategiyasına sadiqliyini, qlobal ekoloji təşəbbüslərə inteqrasiya səviyyəsini və modern universitet modeli quruculuğuna verdiyi töhfəni təsdiq edir. Universitet gələcək illərdə də ekoloji məsuliyyət, yaşıl kampus təşəbbüsləri və davamlı təhsil istiqamətində fəaliyyətini daha da genişləndirməyi qarşısına məqsəd qoyur.

