Bu gün – 6 dekabrda Azərbaycanın tanınmış yazıçısı, dramaturq, tərcüməçi və ictimai xadimi Əkrəm Nəcəf oğlu Naibovun (Əkrəm Əylisli) doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 1937-ci ildə Naxçıvanın Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub.
Əkrəm Əylisli yaradıcılıq fəaliyyətinə hekayələrlə başlayıb, sonralar povest və romanları ilə geniş oxucu auditoriyası qazanıb. Onun əsərlərində Azərbaycan kənd həyatının, insan münasibətlərinin və mənəvi-əxlaqi dəyərlərin dərin təhlili aparılır.
Yazıçı 1968-ci ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına, 1984-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 1991-ci ildə isə M.F.Axundov adına ədəbi mükafata layiq görülüb. O, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.
Əkrəm Əylisli həmçinin dünya ədəbiyyatından etdiyi tərcümələrlə də tanınır. Onun fəaliyyəti zaman-zaman mübahisələrə səbəb olsa da, Azərbaycan ədəbiyyatında öz dəsti-xəttini formalaşdırmış yazarlardan biri olaraq yadda qalır.

