Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova Bakı Mühəndislik Universitetində (BMU) olublar.
“Tehsil365” xəbər verir ki, qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev son illərdə universitetdə tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, ixtisas hazırlığının keyfiyyətinin yüksəldilməsi və təhsil proqramlarının optimallaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Bu çərçivədə universitetin tədris strukturunda mövcud olan İT kateqoriyasına aid ixtisasların əsas baza ixtisaslarına çevrilməsi üzrə sistemli fəaliyyət aparıldığını vurğulayıb.
Yaqub Piriyev həmçinin tədris resurslarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını, inteqrasiya prosesinin əsas məqsədinin rəqabətqabiliyyətli, yüksək hazırlıq səviyyəsinə, müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. BMU və İRİA arasında qurulan əməkdaşlığın tələbələrin innovasiya, startap və rəqəmsal texnologiyalar sahəsində praktiki bilik və bacarıqlarının artırılmasını hədəflədiyini deyən rektor tərəfdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.
İRİA nümayəndələri təmsil etdikləri qurumun ali təhsil müəssisələrinin tələbə və müəllimləri üçün həyata keçirdiyi layihə və təcrübə proqramları barədə məlumat veriblər. Bildirilib ki, agentlik müasir ixtisasların tədrisinin təkmilləşdirilməsində ali məktəblərə hər cür dəstək göstərməyə hazırdır və birgə fəaliyyət perspektivləri kadr hazırlığı prosesinə müsbət töhfələr verməyi hədəfləyir.
Görüş zamanı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi, ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının artırılması məqsədi daşıyan “Beyin Mərkəzi” layihəsi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Müzakirələr zamanı BMU-da kibertəhlükəsizlik ixtisası üzrə dərslərin, master-klasların keçirilməsi, hakatonların təşkil edilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisaslarının kurikulum və sillabuslarının yenilənməsi, əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində də müvafiq addımlar atılmasına dair qərar verilib.

