Dekabrın 5-də görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibəti ilə keçirilən tədbirin “Naxçıvan səfəri” çərçivəsində böyük tərkibli nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.
“Tehsil365” Azertac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini anıblar. Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi istifadəyə verilib.
Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.
Mərkəzdə təşkil olunan “Akademik Yusif Məmmədəliyev-120” adlı guşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib. Eyni zamanda mərkəzin laboratoriyalarında universitet əməkdaşları tərəfindən aparılmış tədqiqat nəticələrinin yer aldığı yüksək impakt faktorlu nəşrlər və patentlərdən ibarət sərgi, tələbələrin əldə etdiyi uğurlar, sertifikatlar, eləcə də “Akademik Yusif Məmmədəliyev adına təqaüd” diplomu, Akademik Yusif Məmmədəliyevə həsr olunmuş gənc alimlər arasında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin diplomları nümayiş olunur.
Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər. Kimya ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı kimyəvi maddələrin reaksiyasından düzəldilmiş “Yusif Məmmədəliyev – 120” yazısı maraqla qarşılanıb.
Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünya şöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Bu mayak yüzlərlə elm adamının yoluna işıq saçıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib.
Universitetin heykəltəraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib.
Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva dövlətimizin elm adamlarının xidmətlərini hər zaman yüksək qiymətləndirdiyini bildirib, Ümummilli Lider Heydər Əliyevin akademik Yusif Məmmədəliyevin yubiley tədbirlərində iştirakını, ev muzeyinin yaradılması ilə bağlı təşəbbüsünü minnətdarlıqla xatırlayıb, Prezident İlham Əliyevin Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının bu diqqət və qayğının davamı kimi yüksək dəyərə malik olduğunu qeyd edib, tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.

