“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” (Sustainable Development Strategy: Global Trends, National Experience and New Goals) mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb.
“Tehsil365” bildirir ki, AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, konfransın əsas məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla, müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarətdir. Konfrans Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, AzTU-nun rektoru professor Vilayət Vəliyev, MDU-nun rektoru Anar Eminov, həmçinin Azərbaycan və digər 19 ölkədən ali təhsil və tədqiqat institutlarını təmsil edən görkəmli alimlər, professor-müəllim heyəti, tədqiqatçılar, tələbə və magistrant iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ardınca MDU-nun tələbələrinin hazırladıqları startap layihələrindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə təqdim olunan məhsullar müasir texnologiyalar, süni intellekt tətbiqləri, yaşıl enerji həlləri və sosial innovasiya layihələrini əhatə edib.
Konfransın rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir Dövlət Universitetinin ardıcıl olaraq üçüncü dəfə beynəlxalq elmi konfransa ev sahibliyi etməsini yüksək qiymətləndirərək bu tədbirin elmi müzakirələrin genişlənməsi, yeni ideyaların formalaşması və strateji planlaşdırmaya elmi dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. İlham İsmayılov konfransın Mingəçevirin gələcək inkişafına mühüm töhfə verəcəyinə inamını ifadə edib.
MDU-nun rektoru Anar Eminov bildirib ki, tədbirə dünyanın 19 ölkəsindən, eləcə də Azərbaycanın 24 ali təhsil və tədqiqat mərkəzindən olan alim və tədqiqatçılardan 600-dən artıq tezis və məqalə daxil olub. MDU bu beynəlxalq elmi konfransın əsas ev sahibi kimi qlobal çağırışlara uyğun yeni bilik və innovativ yanaşmaların müzakirəsinə xüsusi önəm verir. “Davamlı inkişaf” konsepsiyası həm milli inkişaf strategiyalarının, həm də ali təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən birinə çevrilib. Vurğulanıb ki, MDU-da aparılan islahatlar, universitet–sənaye, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, “açıq elm” prinsiplərinin tətbiqi, startap və innovasiya ekosisteminin gücləndirilməsi kimi məqsədlərə xidmət edir.
AzTU-nun rektoru professor Vilayət Vəliyev çıxışında konfransın elm, texnologiya və innovasiya sahəsində qlobal trendlərin müzakirəsi üçün nadir platforma yaratdığını bildirib. Rektor qeyd edib ki, müasir dövrdə süni intellekt, yaşıl enerji, kibertəhlükəsizlik, rəqəmsallaşma və dördüncü sənaye inqilabı ilə bağlı dəyişikliklər cəmiyyətin bütün sahələrinə təsir göstərir. Azərbaycan universitetlərinin bu dəyişikliklərə adaptasiyası üçün ali məktəblər arasında əməkdaşlığın genişlənməsi vacibdir.
Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Polşanın Vistula Universitetinin rektoru professor Vavrzyniec Konarski, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının İdarə Heyətinin sədri Pənah Musayev, Polşanın Vistula Universitetinin və Cənubi Koreyanın Koreya Universitetinin professoru Şəhriyar Muxtarov çıxışlarında qlobal elmi əməkdaşlığın gücləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, süni intellektin inkişafı və davamlı iqtisadi modelin qurulması kimi məsələlərə toxunublar. Konfrans öz işinə dosent Ceyhun Mikayılovun moderatorluğu ilə "Əsas məruzəçilər" bölməsi ilə davam etdirilib. Burada dünyanın müxtəlif ali təhsil müəssisələrindən dəvət olunmuş dörd professorun mühazirəsi dinlənilib.
Konfransın ilk günü üç xüsusi sessiyanın keçirilməsi ilə başa çatıb. Tədbirin ikinci günündə “Yüksək impaktlı jurnallarda dərc strategiyaları” mövzusunda vörkşopun, 8 bölmə iclasının təşkili planlaşdırılır. Konfransın bağlanış mərasiminin dekabrın 8-də AzTU-da keçirilməsi nəzərdə tutulur.

