Mütəxəssislərin fikrincə, şagirdlərin imtahanlarda gözlənilən nəticəni əldə edə bilməməsinin əsas səbəblərindən biri onların dərsi necə öyrənmələri ilə əlaqədardır. Müasir təhsil yanaşmasına görə, artıq təkcə əzbərləmə kifayət etmir, əsas diqqət tətbiqetmə bacarığının və tənqidi düşünmənin formalaşdırılmasına yönəlməlidir.
Mövzu ilə bağlı “Tehsil365” xəbərportalına açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, bir çox şagird gündəlik dərslərinə hazır gəlsə də, imtahan zamanı öz real bilik səviyyəsini nümayiş etdirə bilmir. Onun sözlərinə görə, bunun əsas səbəbi şagirdlərin öyrənmə prosesində mexaniki yaddaşa daha çox önəm verməsidir.
Ekspert qeyd edib ki, məlumat yalnız əzbərlənərək öyrənildikdə, imtahan zamanı həmin biliklərin unudulma ehtimalı yüksək olur. Amma şagird mövzunu dərk edərək və praktik şəkildə tətbiq edərək öyrənərsə, nəticələr daha uğurlu və stabil olar. Bu yanaşma həm də ümumi təhsil sisteminin dəyişməsinin vacibliyini göstərir.
O vurğulayıb ki, biliklərin öyrədilməsi sadəcə mətn əzbərlətmək üzərində qurulmamalı, şagird problemləri həll etməyə, düşünməyə və araşdırmağa təşviq edilməlidir. Məhz bu üsul uzunmüddətli yaddaşın formalaşmasına və real bilik əldə edilməsinə şərait yaradır.

