Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən geniş tərkibli toplantıda mühüm struktur yeniliyi həyata keçirilib. Görüş zamanı Texnologiyaların Transferi Mərkəzinin (TTM) nəzdində İnşaat bölməsinin yaradılması barədə qərar qəbul edilib.
“Tehsil365” bildiriri ki, inşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev yeni bölmənin yaradılmasının fakültənin elmi potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, İnşaat bölməsi fakültədə aparılan tədqiqat işlərinin daha məqsədyönlü şəkildə təşkilinə, mövcud elmi istiqamətlərin uyğunlaşdırılmasına və alimlərin araşdırmalarının bir mərkəzdə koordinasiyasına imkan verəcək. Professor əlavə edib ki, yeni bölmə vasitəsilə elmi işlərin istehsalata çıxış mexanizmləri də daha səmərəli şəkildə müəyyənləşdiriləcək.
Daha sonra çıxış edən Texnologiyaların Transferi Mərkəzinin müdiri, professor Abbas Quvalov universitetdə həyata keçirilən elmi-tədqiqat işlərinin patentləşdirilməsi və sənayeyə ötürülməsi məsələlərinin aktuallığına toxunub. O, fakültələr və kafedralar arasında elmi əməkdaşlığın genişləndirilməsinin texnologiyaların kommersiyalaşdırılmasına mühüm töhfələr verəcəyini qeyd edib. Professor İnşaat bölməsinin TTM-in fəaliyyətinə əlavə dinamizm qatacağını, innovasiya və istehsalat arasında körpü rolunu daha da gücləndirəcəyini bildirib.
Toplantının sonunda bölmənin fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi, işçi qruplarının formalaşdırılması və yaxın dövr üçün fəaliyyət planının hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.Qərara alınıb ki:
- Bölmənin tərkibi 7 nəfər aparıcı mütəxəssisdən təşkil olunsun.
- Bölmədə alimlərin elmi-tədqiqat işlərinin müzakirəsi aparılsın və müvafiq istiqamətlər müəyyənləşdirilsin.
- Elmi-tədqiqat işlərınin inteqrasiyası aparılsın.
- Bu bölmədə iştirak edən alimlər tərəfindən universitet adından verilən patentlərin sayı artırılsın.
- Sənaye sahələri ilə universitet arasındakı əlaqələri gücləndirmək, istehsalatda yaranan problemlərlə tanış olmaq və onların həlli yollarını araşdırmaq məqsədilə bölməyə istehsalatda çalışan aparıcı mütəxəssislər cəlb edilsin.

