Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb. Qurum dekabrın 6-da gecə yarısı təcili yayımladığı efirdə, maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlanmağa məcbur olduqlarını bildirib.
“Tehsil365”in məlumatına əsasən, rəsmi açıqlamada maliyyə problemi əsas səbəb kimi göstərilsə də, layihənin dayandırılmasının son günlər yaşanan gərginliklə birbaşa bağlı olduğu vurğulanır.
Qeyd edək ki, dekabrın 3-də Real TV-nin canlı yayımında aparıcı Vəfa Həmzəyeva ilə “ReOpen Media”nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil edilib. Əvvəlcədən söhbətin siyasi mövzulara toxunulmadan aparılması razılaşdırılsa da, Karapetyanın efir zamanı “Artsax” ifadəsini işlətməsi gərginliyə səbəb olub.
Erməni jurnalistin “Bizim üçün Artsax, digərləri üçün Qarabağ” sözləri Vəfa Həmzəyevanın kəskin etirazı ilə qarşılanıb:
“Siz hələ də ‘Artsax’ deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.”
Gərgin müzakirədən sonra Diana Karapetyan “Artsax” ifadəsindən imtina etdiyini bildirsə də, dialoq gərgin şəkildə davam edib.
“ReOpen Media” tərəfindən açıqlanan bağlanma qərarının məhz bu gərginlikdən sonra gəlməsi diqqət çəkib. Qurum layihənin gələcək taleyi ilə bağlı əlavə məlumat verməyib.

