Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının fəaliyyəti ilə tanış olub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi ilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsis edilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindən biridir. Bundan əlavə, RISEBA dünyanın müxtəlif universitetləri və təşkilatları ilə fəal əməkdaşlıq edərək, tələbələrə peşəkar məqsədlərinə uyğun istiqamət seçməyə imkan verən müxtəlif təhsil proqramlarını təklif edir.

