"Yaradıcı insanlar, sənət adamları mədəniyyətimizi bayağılaşdırmaq, küçə səviyyəsinə endirmək əvəzinə, onun gözəlliyini göstərməlidirlər".
“Tehsil365” xəbər verir ki, Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmlə bağlı danışarkən deyib.
Deputat film barəsində məlumatlı olduğunu və oradakı hadisələrin ona pis təsir etdiyini bildirib:
"Məhsəti Gəncəvi bizim kimliyimizin, qədim mədəniyyətimizin və tariximizin simvollarından biridir. XI əsrdə azərbaycanlı xanımın yaradıcılığı ilə tanınması xalqımızın qadına olan hörmətinin, ictimai həyatda onun oynadığı rolun önəmini göstərir. Məhsəti Gəncəvinin əsərləri bu gün də sevə-sevə oxunur. Onun haqqında film ancaq Azərbaycan qadınının obrazını ucaldan, onun şəxsiyyətinin zənginliyini əks etdirən şəkildə çəkilməlidir. Bu filmdə, həmçinin həmin dövrün Azərbaycan dövlətçiliyi, ictimai münasibətlər və ədəbiyyatın inkişafı da əks olunmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, Nizami Gəncəviyə qədər Azərbaycanda 40-dək tanınmış yazıçı və şair olub. Başqa bir xalq göstərin ki, belə zəngin ədəbi tarixi var. Biz filmlərimizi, tariximizi bayağılaşdırmamalıyıq. Bu, qəbuledilməzdir, yolverilməzdir".
Deputat vurğulayıb ki, Mədəniyyət Nazirliyinin Ekspertiza Komissiyasına təşəkkür etmək lazımdır ki, bunun qarşısını dərhal alıblar.
"Bu, mədəniyyətimizə oyunbazlıq kimi baxan şəxslərə çox ciddi bir xəbərdarlıq olmalıdır. Bu, bir daha təsdiq etməlidir ki, biz heç vaxt Azərbaycan mədəniyyətini və incəsənətini cılızlaşdırmağa razı ola bilmərik. Filmə qadağa qoyulması cəmiyyətin, ziyalıların mədəniyyətimizə və mədəni irsimizə olan həssaslığını göstərdi", - deyə A.Mirzəzadə bildirib.

