Keçən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor və jurnalist Kamran Qasımovun “Küldə şərqi deyənlər” adlı sənədli filminin təqdimatı keçirilib.
"Tehsil365" xəbər verir ki, Film 2025-ci ilin əvvəlində Cənubi Kaliforniyada baş verən dağıdıcı meşə yanğınlarını əks etdirir.
Sənədli filmdə Real TV, Fox News və Qasımovun şəxsi arxivindən toplanmış real görüntülər yer alır. Filmdə ABŞ yanğınsöndürənlərinin, sağ qalan şahidlərin və Los-Anceles merinin fikirləri təqdim olunaraq hadisənin insan talelərinə təsiri nümayiş etdirilir.
Los-Ancelesdə baş verən faciəni yerində işıqlandıran yeganə azərbaycanlı jurnalist kimi Kamran Qasımov bu film vasitəsilə hadisəyə həm peşəkar, həm də şəxsi baxış bucağından yanaşır. O, sənədli filmdə Azərbaycan və ABŞ arasında ortaq insani dəyərləri vurğulayaraq, qarşılıqlı anlayış və empatiyanın iki ölkə arasında mədəni körpülər yaratdığını göstərir.

