Son illərdə aparılan təhlillər göstərir ki, bir çox gənclər ali təhsil almağı cəmiyyətin gözləntilərinə cavab vermək üçün seçirlər.
"Tehsil365" xəbər verir ki, Sosial təzyiqin təsiri ilə formalaşan bu süni tələb bəzən real maraqlara və bacarıqlara uyğun gəlmir. Bu isə təhsil sistemində yüklənməyə, əmək bazarında isə ixtisas uyğunsuzluğuna səbəb olur.
Bu çərçivədə peşə təhsilinə marağın artırılması mühüm addım kimi qiymətləndirilir. Peşə məktəblərinin modernləşdirilməsi, praktik bacarıqlara əsaslanan proqramların tətbiqi və işəgötürənlərlə əməkdaşlıq gənclər üçün real və cəlbedici alternativ yaradır.
Ekspertlər hesab edir ki, peşə təhsilinin nüfuzunun artması ilə gənclər artıq yalnız ali təhsil diplomuna görə deyil, bacarıq və maraqlarına uyğun ixtisasa üstünlük verəcəklər. Bu isə həm cəmiyyətin təzyiqlərini azaldacaq, həm də balanslı və dayanıqlı təhsil sisteminin formalaşmasına töhfə verəcək.

