Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Peşə təmayüllü siniflər" layihəsi çərçivəsində şagirdlər artıq məktəb illərindən başlayaraq 16 müxtəlif peşə üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.
"Tehsil365" xəbər verir ki, hazırda layihə ölkə üzrə 326 məktəbdə və 1 pilot xüsusi təhsil məktəbində reallaşdırılır. Layihəyə 9000-dən çox şagird və 1438 müəllim cəlb olunub.
Layihənin əsas məqsədi şagirdlərin maraq və meyllərini üzə çıxarmaq, onları əmək bazarına daha hazırlıqlı şəkildə yönləndirməkdir. Dərslər təkcə nəzəri biliklərlə deyil, həm də motivasiyaedici və inkişafyönlü praktiki məşğələlərlə zəngindir.
Mütəxəssislər hesab edirlər ki, bu layihə peşə təhsilinə olan marağı artırmaqla yanaşı, şagirdlərin gələcək karyera seçimlərinə də böyük dəstək verir.

