ZTE şirkəti "ByteDance" ilə birlikdə "Nubia M153" modelini təqdim edib ki, bu da süni intellekt agentinin sistemə dərin inteqrasiyası sayəsində tamamilə səs vasitəsilə idarə oluna bilən ilk smartfondur.
“Tehsil365” "WCCFTech"ə istinadən xəbər verir ki, "Nubia M153"ün əsas xüsusiyyəti "Android" sisteminin bütün səviyyələrində işləyən "Doubao AI" adlı səsli köməkçidir.
Süni intellekt agenti cihazda istənilən əməliyyatı yerinə yetirə bilir: tətbiqlərin işə salınmasından və menyuda naviqasiyadan tutmuş onlayn alış-verişə qədər.
Məsələn, istifadəçi müəyyən bir məhsulun alınması üçün əmr verə bilər, bundan sonra köməkçi ekrana toxunuşları imitasiya edərək, bütün addımları özü yerinə yetirir. İstənilən an istifadəçi agentin işini dayandırıb idarəni öz üzərinə götürə bilər.
"Nubia M153" 6,78 düymlük, 1264×2800 piksel çözümlüklü və 120 Hz-lik LTPO OLED ekran, "Snapdragon 8 Elite" çipi, 16/512 GB yaddaş, 6000 mA·s tutumlu və simsiz enerji doldurmanı dəstəkləyən akkumulyator, 50 MP-lik dörd kamera və "Android 16" əməliyyat sistemi ilə təchiz olunub.
"Nubia M153" mühəndis nümunəsi kimi buraxılır və yalnız Çin onlayn mağazalarında mövcuddur. Modelin qiyməti 3499 yuan təşkil edir.

