Azərbaycan Dillər Universitetində (ADU) 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbir Psixologiya və Pedaqogika kafedrasının müəllimi Natavan Cəfərlinin təşəbbüsü və İngilis-Alman dilləri fakültəsinin 407 a/b qrup tələbələrinin fəal iştirakı ilə baş tutub. Tədbirdə Psixologiya və Pedaqogika kafedrasının müdiri, dosent İ. Məmmədli və kafedranın müəllimi Aysel Mustafabəyli də iştirak ediblər.
Tədbirin əsas məqsədi inklüzivlik mədəniyyətinin gücləndirilməsi, əlilliyi olan şəxslərə dəstəyin artırılması və bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsi olub.
Proqram çərçivəsində jest dili üzrə hazırlanan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimat inklüziv ünsiyyətin əhəmiyyətini ön plana çıxararaq jest dilindən istifadənin praktik faydalarını nümayiş etdirib.
Həmçinin tədbirdə əlilliyi olan məşhur şəxslərin həyat hekayələri təqdim olunaraq onların uğur hekayələri iştirakçılara motivasiya verib, güc və inam aşılayıb.
Maarifləndirici xarakter daşıyan tədbir cəmiyyətdə bərabərlik prinsiplərinin və empatiya mədəniyyətinin gücləndirilməsinə xidmət edib.

