Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin üslubiyyatı kafedrasının müəllimləri, filologiya üzrə fəlsəfə doktoru Afaq Eminli və baş müəllim Nərmin Mustafayeva, 1–7 dekabr 2025-ci il tarixlərində Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Artvin Çoruh Universitetində elmi-pedaqoji və akademik fəaliyyət həyata keçiriblər.
“Tehsil365” bildirir ki, proqram müddətində hər iki müəllim Artvin Çoruh Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində seminarlar və elmi mühazirələr təqdim edib, tələbələrlə görüşlər keçirərək onlarla fəal müzakirələr aparıblar.
Artvin Çoruh Universitetinin rektoru Prof. Dr. İbrahim Aydın, Beynəlxalq Əlaqələr və Araşdırma Mərkəzinin müdiri Dr. Hakan Gültəkin və Orhun Mübadilə Proqramı koordinatoru Ercan Soysal ilə keçirilən görüşdə universitetlər arasında mövcud mübadilə proqramları nəzərdən keçirilib, akademik əməkdaşlığın genişləndirilməsi, ortaq layihə və fəaliyyətlərin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

