Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan özbək tələbələrlə görüşüb.
“Tehsil365” xəbər verir ki,rektor Elmar Qasımovla birgə keçirilən görüşdə BANM ilə Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom, eləcə də mübadilə proqramları çərçivəsində təhsil alan tələbələr iştirak ediblər.
Hazırda BANM-də ümumilikdə 25 özbək tələbə təhsil alır.
Rektor Elmar Qasımov özbək tələbələrin nümunəvi tələbələrdən olduqlarını, onlar üçün burada hər cür şərait yaradıldığını qeyd edib.
Səfir tələbələrin Bakı Ali Neft Məktəbindəki təhsil və yaşayış şəraiti ilə maraqlanıb. O vurğulayıb ki, Azərbaycanda ən çox sayda özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır və onların burada yüksək bilik və bacarıqlar əldə edərək ölkələrinə töhfə verəcəklərinə əmindir.
Tələbələr də BANM-dəki təhsil, sosial mühit və yaradılan imkanlardan razı olduqlarını bildiriblər.
Görüşün sonunda rektor Elmar Qasımov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanova "Fəxri qonaq" plaketi təqdim edib.

