Məktəbin əsas vəzifəsi təkcə şagirdi imtahana hazırlaşdırmaq deyil, həm də onu gələcək həyata yetişdirməkdir. Çünki imtahanlar həyatdan kənar deyil, əksinə, insanın real bilik və bacarıqlarını üzə çıxarmalıdır.
Mövzu ilə bağlı “Tehsil365”ə açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, məktəblər şagirdləri yalnız imtahanlara deyil, eyni zamanda həyata da hazırlamalıdır. Onun fikrincə, imtahanlar həyatla bağlı olmalı və şagirdlərə gündəlik həyatda lazım olacaq bilik və bacarıqları aşılmalıdır. İmtahan sualları tam şəkildə məktəb proqramına əsaslanmalı və dərsdənkənar mövzular əhatə olunmamalıdır.
Ekspert vurğulayıb ki, imtahanların əsas məqsədi şagirdlərin məktəbdə əldə etdikləri bilikləri nə dərəcədə tətbiq edə bildiklərini müəyyənləşdirməkdir. Bu prinsip əsas götürüldükdə, şagird həm imtahanlara, həm də real həyata daha yaxşı hazır olur.
Nəticə etibarilə, imtahanın əsas mahiyyəti qiymətləndirmədir, qiymətləndirmənin məqsədi isə öyrənilən biliklərin səviyyəsini ölçməkdir. Bundan başqa, imtahanlar insanların bacarıqlarına görə fərqləndirilməsinə və uyğun sahələrə yönəldilməsinə şərait yaradır ki, bu da cəmiyyətin inkişafına müsbət təsir göstərir.

