Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün nüfuzlu siyasətçisi Cavad bəy Məlikyeqanovun repressiya olunaraq vəfat etməsinin ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olan Cavad bəy, tanınmış Dizaq mahalı məliklərinin nəslindən idi. O, siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və idarə olunmasında mühüm rol oynamışdır.
Cavad bəy Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru vəzifəsində çalışmış, Cümhuriyyət Parlamentinin üzvü kimi mühüm qanunvericilik təşəbbüslərində iştirak etmişdir. O, həm də ölkədə həmkarlar ittifaqı hərəkatının əsasını qoyanlardan biri olmuş, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradılmasında təşəbbüskar olmuşdur.
1937-ci ildə Stalin repressiyaları zamanı Cavad bəy də minlərlə ziyalı kimi saxta ittihamlarla həbs edilmiş və Medvejyeqorskda edam olunmuşdur.
Azərbaycan tarixi üçün mühüm simalardan biri olan Cavad bəy Məlikyeqanovun xatirəsi bu gün də ehtiramla yad olunur.

