Bu gün Azərbaycanın tanınmış aktyoru, Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki,1914-cü il martın 22-də Şəki (keçmiş Nuxa) şəhərində anadan olan Lütfəli Abdullayev Azərbaycan teatr və kino sənətində özünəməxsus iz qoymuş sənətkarlardandır. O, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri olmuş, milli səhnə mədəniyyətinə böyük töhfələr vermişdir.
Lütfəli Abdullayev xüsusilə vəziyyət komediyalarında yaratdığı obrazlarla yadda qalmış, xalq oyun-tamaşalarının gülüş estetikasını məharətlə mənimsəyərək səhnəyə gətirmişdir. Onun ifasında mimika, jest və məsxərə hərəkətləri obrazın məzəli, dolğun xarakterini tamaşaçıya çatdırmaqda mühüm rol oynayırdı.
1960-cı ildə ona “Azərbaycan SSR xalq artisti” fəxri adı verilmişdir.
Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat etmişdir. O, bu gün də öz zəngin yaradıcılığı ilə Azərbaycan səhnə sənətinin parlaq simalarından biri kimi xatırlanır.

