9 dekabr 1963-cü ildə Azərbaycan kinematoqrafiyasının istedadlı rejissoru və aktyoru Lətif Səfərov dünyasını dəyişib.
"Tehsil365" xəbər verir ki, 1920-ci ildə anadan olan Lətif Səfərov milli kino tariximizdə həm aktyor, həm də rejissor kimi iz qoymuş sənətkarlardandır.
Kino fəaliyyətinə uşaq yaşlarından başlayan Səfərov “Sevil” və “Lətif” filmlərindəki rolları ilə tamaşaçılara tanınıb. Daha sonra rejissor kimi böyük uğurlar qazanan sənətkar “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi ekran əsərlərinə imza atıb. Onun filmləri həm sənətkarlıq baxımından, həm də ideya-estetik dəyərləri ilə Azərbaycan kino tarixində xüsusi yer tutur.
Lətif Səfərov, həmçinin Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olmuş, kino sənətinin inkişafı üçün mühüm təşkilati işlər görmüşdür.
Bu gün onun vəfatından 60 il keçir. Xatirəsi kino ictimaiyyəti və tamaşaçılar tərəfindən hörmətlə anılır.

