Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın dahi şairi, Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr layihəsi davam edir.
“Tehsil365”xəbər verir ki, “Xəmsə”yə daxil olan əsərlərin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində Ankarada nəşr olunub.
Kitaba yazdığı “Ön söz”də professor, kitabın tərcüməçisi Nimet Yıldırım Nizami Gəncəvinin Azərbaycanın, eləcə də bütün Türk dünyası mədəniyyətinin fəxri, ədəbiyyatın inkişafına isə müstəsna təsir göstərən parlaq sima kimi səciyələndirərək, şairin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını qələmə aldığını vurğulayıb.
O, dahi Nizaminin doğulduğu Azərbaycanın qədim şəhəri Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə əhəmiyyətli elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını vurğulayaraq, şairin ömrü boyu Gəncədə yaşadığını, misilsiz əsərlər yaradaraq poeziya dünyasına bənzərsiz töhfələr verdiyi qeyd edib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan klassik irsinin təbliği məqsədi ilə bugünə kimi dahi Nizami Gəncəvinin “İskəndərnamə” və “Sirlər xəzinəsi” əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub. Nəşrin Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət mərkəzlərinə, elm, təhsil, tədqiqat müəssisələrinə hədiyyə olunması planlaşdırılır. Nizami Gəncəvinin Türkiyə türkcəsində çapdan çıxan “Leyli və Məcnun” əsərinin isə cari il dekabrın 14-də Azərbaycan və türk alimlərinin iştirakı ilə 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdimatı nəzərdə tutulub.

