Şagirdlər arasında akademik stress çox yayılmış bir problemdir və bunun bir neçə əsas səbəbi var. Uşaqlar tez-tez valideynlərdən və müəllimlərdən gələn yüksək gözləntilərin yaratdığı təzyiq altında olurlar. Bu, onların səhv etməkdən qorxmasına və hər zaman mükəmməl olmağa çalışmasına səbəb olur.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nizami Orucov deyib.O, bildirib ki:
“Sinifdə həmyaşıdlarla müqayisə və rəqabət də uşaqlarda gərginlik yaradır. “Mən başqaları qədər yaxşı deyiləm” kimi düşüncələr stressi artırır və bəzən motivasiyanı əksinə, zəiflədə bilir.
Bundan əlavə, uşaqların çox dərs, ev tapşırığı və əlavə məşğələlərlə yüklənmiş zaman cədvəli onları yorur və idarəetmə bacarıqlarını çətinləşdirir. Bəzi uşaqlar isə hər şeyi mükəmməl etməyə çalışır və kiçik səhvlər belə onları narahat edir.
Psixoloqun fikrincə,yalnız akademik yük deyil, sosial və emosional faktorlar da stressə təsir edir. Ailə içi gərginliklər, dost münasibətləri və özünü dəyərsiz hiss etmək kimi hallar uşaqlarda əlavə narahatlıq yaradır.
Buna görə, məktəblərdə uşaqlara sadəcə dərs öyrətmək kifayət deyil. Onlara hisslərini ifadə etmək, danışmaq və lazım gələrsə psixoloqla görüşmək imkanı yaratmaq çox önəmlidir. Belə dəstək akademik stressi xeyli azaldır və uşaqların məktəb həyatına daha rahat uyğunlaşmasına kömək edir”.

