Bakı Mühəndislik Universiteti, Aşqarlar Kimyası İnstitutu və Bakı Dövlət Universitetinin aparıcı kimyaçı-alimləri Pakistandan olan həmkarları ilə birlikdə yeni aromatik azo birləşmələrinin sintezi, rentgen struktur analizi və supramolekulyar xüsusiyyətləri ilə bağlı tədqiqat aparıblar.
“Tehsil365” xəbər verir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib. K.Məmmədova bildirib ki, tert-butilbenzaldehid əsasında alınmış aromatik azo birləşmələrinin kristal quruluşu rentgen difraksiyası ilə araşdırılıb. Difraksiya təhlili göstərib ki, aromatik halqadakı əvəzlənmə halqalar arasındakı dihedral bucağa təsir göstərir və supramolekulyar birləşmələr arasında fərq müşahidə olunur. Eyni zamanda, kompüter kimyasının ən son imkanlarından istifadə etməklə əldə olunmuş nəzəri nəticələrin təcrübi yolla tapılmış nəticələrlə uyğun olduğu aşkar edilib.
Müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri “Wiley” nəşriyyatının “ChemistrySelect” jurnalında dərc olunub.
Qeyd edək ki, “ChemistrySelect” jurnalının impakt faktoru 2.0-dir.

