Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası Doktorantura şöbəsi ilə birgə seminar keçirib. Seminarda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Muxtar İmanov “Ədəbiyyatşünaslıqda sosioloji metod” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzə ədəbiyyatın cəmiyyətlə qarşılıqlı əlaqələri, ictimai proseslərin bədii mətnə təsiri və yazıçı şəxsiyyətinin sosial mühitlə bağlılığı kimi mövzulara həsr olunub.
“Tehsil365” xəbər verir ki,Muxtar İmanov sosioloji metodun mahiyyətini izah edərkən qeyd edib ki, bu metod ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, həm də sosial hadisə kimi qəbul edir. Sosioloji metoda görə, ədəbiyyat fərdiləşdirmədən çox tipikləşdirməyə üstünlük verməlidir; bədii mətn ictimai mühit daxilində yaranır və həmin mühitin aparıcı ideya istiqamətlərini özündə əks etdirir. Sosioloji metod mətni sosial proseslər və yazıçı şəxsiyyətinin ictimai kimliyi kontekstində təhlil etməyi nəzərdə tutur. Bu metodun tərəfdarları belə hesab edirlər ki, sosial kontekst nəzərə alınmadan bədii nümunənin tam və obyektiv şəkildə şərhi mümkün deyil. Seminarda sosioloji metod digər metodlarla müqayisə edilmiş, sosioloji metodun qüsurları diqqətə çatdırlımış, ədəbiyyatda bədiiliyi diqqət mərkəzinə çəkən formal metod vulqar sosiologizmə qarşı yaranan bir metod kimi səciyyələndirilib.
Sonda seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, sosioloji metodun müxtəlif ədəbiyyat nümunələrinə tətbiqi ilə bağlı fikir mübadiləsi ediblər. Seminar doktorantlar üçün metodoloji biliklərin dərinləşdirilməsi baxımından əhəmiyyətli olub, ədəbiyyatın sosial aspektlərdən araşdırılması istiqamətində yeni elmi suallar ortaya çıxarıb.

